Qətərdə qərargahlanan “Qəzzanın Yenidən İnşası Komissiyası”nın sədri Məhəmməd əl-İmadi Misirin Qətər tərəfindən verilən yardımın Qəzzaya daxil olmasını təsdiqlədiyini bildirib.
Fələstin hökuməti tərəfindən Qəzzanın yenidən inşası üçün planlaşdırılan və Qətər tərəfindən maliyyələşdiriləcək layihə çərçivəsində tikinti materiallarının Rəfah sərhəd qapısı vasitəsilə Qəzzaya daşınacağını deyən İmadi, Misir prezidenti Məhəmməd Mursinin materialların asan keçməsi üçün göstəriş verdiyini əlavə edib.
Onun sözlərinə görə, Qətər 254 milyon ABŞ dolları vəd edib və bu vəsait tam təchiz olunmuş xəstəxana, 1000 ev, yollar və kənd təsərrüfatı layihələrinə sərf olunacaq.
İmadi bir neçə gün ərzində qəzzalılara başqa müjdələr verəcəyini də bildirib.
O, Mursinin Qəzzaya yanacaq yardımının keçməsi əmrindən sonra aprel ayından Süveyş limanında gözləyən Qətərin yanacaq yardımının 5 gün ərzində Qəzzaya daşınacağını və yanacağın elektrik enerjisi istehsalı üçün istifadə ediləcəyini bildirib.
İmadi, Qəzzaya yardımın başlamasında Türkiyənin rolunun əhəmiyyətini ifadə edərək, Türkiyənin başladığını tamamladıqlarını bildirib.
(Anadolu Xəbər Agentliyi)


